SİYASƏT
GENERAL ÇARLZ UOLD: ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ BEYNƏLXALQ İCTİMAİYYƏTİN İŞTİRAKI İLƏ YAXIN GƏLƏCƏKDƏ ÖZ HƏLLİNİ TAPACAQDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat vermişlər ki, nazir qonaqları salamlayaraq, ABŞ nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin çoxalmasını alqışladığını bildirmiş və demişdir ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına qoşularaq ABŞ-ı dəstəkləmişdir. “Azadlığı dəstəkləmə aktı”na 907-ci düzəlişin müvəqqəti ləğvindən sonra isə Azərbaycan ABŞ-la fəal əməkdaşlıq etməyə başlamışdır.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin belə vəziyyəti daha da gərginləşdirməsi barədə məlumat verərək demişdir ki, bu mürəkkəbliyə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Hazırda NATO ilə Fərdi Fəaliyyət Proqramı üzərində iş aparılır.
Bütün bu işlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Azərbaycanda böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi barədə danışan nazir Ermənistanın işğalçılıq siyasətindən və Azərbaycana ərazi iddialarından əl çəkməməsinin bu layihələrin reallaşmasına təhdid və təhlükə yaratdığını vurğulamışdır.
General Çarlz Uold səmimi qəbul üçün təşəkkür etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin indiyədək həll olunmamasına münasibət bildirərək demişdir ki, hesab edirəm, bu münaqişə beynəlxalq ictimaiyyətin iştirakı ilə yaxın gələcəkdə öz həllini tapacaqdır. Bizi maraqlandıran əsas məsələ Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasıdır. Qlobal terrorizmlə mübarizədə fəal iştirakına görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirən amerikalı general vurğulamışdır ki, NATO Azərbaycanla strateji əməkdaşlıq dairəsini genişləndirmək niyyətindədir. Bu dairəyə Azərbaycanın enerji ehtiyatlarının mühafizəsi də daxildir. ABŞ dövləti bu regionda Azərbaycanın mövqeyinə üstün məsələ kimi baxır. Sizin ölkənizə hər səfərimiz böyük əhəmiyyət daşıyır.
Admiral Qreqori Conson söylənilən fikirlərlə razılaşdığını vurğulayaraq demişdir ki, Xəzər dənizində Azərbaycanın böyük təbii sərvətləri vardır. ABŞ-ın və Azərbaycanın hərbi dəniz qüvvələrinin əməkdaşlığı sayəsində onun təhlükəsizliyi təmin edilə bilər. Kütləvi qırğın silahlarının yayılmasına qarşı birgə mübarizə də bu əməkdaşlıq əhatəsinə daxildir.
O, bu ilin sentyabrında Azərbaycanda “Kooperativ Best Effort-2004” səhra təlimlərinin keçirilməsi məsələsinə toxunmuş, bunun təşkili üçün hər cür dəstək verildiyini və bu təlimlərin yüksək səviyyədə başa çatmasının regionda Azərbaycanın liderliyini bir daha təsdiq edəcəyini xüsusi vurğulamışdır.
Sonda general-polkovnik Səfər Əbiyev qonaqları maraqlandıran çoxsaylı suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak etmişdir.