İDMAN
GİMNASTLARIMIZ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
İki Azərbaycan idmançısı – Dinara Gimatova və Anna Qurbanova mayın 6-9-da Fransanın Korbey-Esson şəhərində keçiriləcək beynəlxalq bədii gimnastika turnirində iştirak edəcəklər. Respublika Gimnastika Federasiyasında AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu turnir hər il keçirilir və buraya dünyanın ən yaxşı qadın gimnastları gəlirlər.
Turnirdə iştirak edəcək 20-dən çox ölkənin nümayəndələri arasında bu yaxınlarda Bakıda keçirilən Dünya kubokunun mərhələ yarışının qalibi Alina Kabayeva (Rusiya), habelə Anna Bessonova (Ukrayna), Elizabet Paysiyeva (Bolqarıstan) və digər güclü gimnastlar da var.
Korbey-Esson turniri Azərbaycan gimnastları üçün daha məsul yarışlara – iyunun 4-6-da Kiyevdə keçiriləcək Avropa çempionatına və nəhayət, Afinada Olimpiya oyunlarına hazırlıq baxımından yoxlama-sınaq xarakteri daşıyacaqdır.
Fransa turnirinin hakimlər briqadasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Larisa Sidorova təmsil edəcəkdir.