DÜNYA
GİROVLAR AZAD EDİLDİ
Moskvada yaraqlılar tərəfindən girov götürülənlərin azad olunması üçün aparılmış xüsusi əməliyyat nəticəsində 750-dən artıq adam xilas edilmişdir. İlkin məlumata görə, əməliyyat zamanı 70-dən çox girovun həyatını xilas etmək mümkün olmamışdır. Bunu Rusiya daxili İşlər nazirinin müavini Vladimir Vasilyev bildirmişdir. O, girovların azad edilməsi üzrə əməliyyat başa çatdıqdan sonra keçirilən mətbuat konfransında demişdir: “Təxminən saat 5.20-də atəş və partlayış səsləri eşidildi və bir qrup girov binadan çıxmağa can atdı. Real təhlükə yarandığına görə də xüsusi əməliyyat planı həyata keçirildi. Buna görə biz məsuliyyət daşıyırıq. Qərargahın əməliyyatına prokurorluq qiymət verəcəkdir”.
V.Vasilyev həmçinin bildirmişdir ki, hüquq-mühafizə qüvvələri çoxsaylı tələfata gətirib çıxara biləcək bütün binanın partladılması təhlükəsinin qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə etmişlər.
İTAR-TASS-ın verdiyi xəbərə görə, V.Vasilyev demişdir ki, girovların həyatını xilas etmək məqsədi ilə gərargah terrorçuların bütün tələblərini qəbul etmiş, onların hər cür uydurma iddiaları ilə razılaşmışdır. O demişdir: “Biz quldurların bütün şərtlərini yerinə yetirməyə çalışırdıq. Amma eşitdiyimiz hədə-qorxular bizi binanın partladılması təhlükəsinə yol verməmək məsələsinə çox ciddi yanaşmağa məcbur edirdi”. Rusiya daxili işlər naziri müavininin sözlərinə görə, bu səbəbdən də “operativ qərargah danışıqlar aparmaqla yanaşı, xüsusi əməliyyat da hazırlamaya bilməzdi”.
General Vasilyev demişdir:”Çox ciddi professional iş aparılırdı. Bütün vasitələr səfərbər edilmişdi. Daha çox sayda girovun azad edilməsi imkanı tükənmişdi, buna baxmayaraq, uşaqların buraxılması barədə ayrıca danışıqlar gedirdi”.