REGİONLAR
GÖYÇAYDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALINDA ARTIM MÜŞAHİDƏ OLUNUR
Göyçay Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə rayonda 1.912 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 1.094,5 hektarını tərəvəz, 479 hektarını yem bitkiləri, 123 hektarını kartof, 75 hektarını bostan, 69 hektarını dən qarğıdalı, 14 hektarını isə şəkər çuğunduru təşkil edir.
Avqustun 1-dək 103 ton dən qarğıdalı, 12 min 957 ton tərəvəz, 457 ton bostan məhsulları, 2.117 ton meyvə yığılmışdır. Məhsul yığımı davam edir.
Həmçinin 3.974 ton diri çəkidə ət, 13 min 620 ton süd, 5 milyon 970 min ədəd yumurta, 78 ton yun istehsal olunmuşdur. 16 min 224 hektar taxıl sahəsindən 42 min 423 ton məhsul toplanmışdır. Hər hektarın məhsuldarlığı 26,1 sentner olmuşdur. Məhsulların istehsalında ötənilki nəticə ilə müqayisədə artım müşahidə olunmuşdur.
Ümumiyyətlə, bu il rayonda tərəvəz və bostan məhsullarının istehsalına maraq xeyli artmışdır. Bu maraq onunla əlaqələndirilir ki, sahibkarlar öz məhsullarını münasib qiymətlərə rayondakı emal müəssisələrinə satmaqla yanaşı, yerli bazarda və Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsulları satışı yarmarkalarında onlar üçün yaradılan əlverişli şəraitdən də yararlana bilirlər.
Bu il cəmi 58 hektar sahədə pambıq əkilmişdir ki, bu da ötən ildəkindən 242 hektar azdır. Əvvəllər rayonun iqtisadiyyatında mühüm yer tutmuş pambıqçılıq və ipəkçilik kimi sahələrə bu gün maraq kəskin azalmışdır. Mütəxəssislər bunun əsas səbəbini həmin məhsulların alış qiymətlərinin həddən artıq aşağı olmasında görürlər.
Hazırda rayonda 46 min 192 baş qaramal, 60 min 754 baş davar, 257 min 679 baş ev quşu, 613 arı ailəsi bəslənilir. Heyvandarlıqla məşğul olan fermerlər cari ildə daha 356,8 hektar sahədə birillik və çoxillik yem bitkiləri əkərək bütövlükdə əkin sahələrini 2.739 hektara çatdırmışlar.