REGİONLAR
GÖYÇAYDA PAYIZLIQ TAXIL ŞUMU ÇIXARILIR VƏ SƏPİN APARILIR
AZƏRTAC xəbər verir ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi” haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq yerlərdə tədbirlərin uğurla icrası torpaq mülkiyyətçilərini işə həvəslə yanaşmağa sövq etmişdir.
Göyçay Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, hazırda kəndlərdə payızlıq taxıl şumu çıxarılır və səpin aparılır. Sahələrə kifayət qədər şum traktorları və səpin aqreqatları çıxarılmışdır. Bu günədək 7950 hektar sahədə şum çıxarılmış, sahələrin 4260 hektarına artıq taxıl səpilmişdir. Rayonda 2008-ci ilin məhsulu üçün 16 min 200 hektardan çox taxıl əkilməsi gözlənilir. Torpaq mülkiyyətçiləri kifayət qədər toxum ehtiyatı əldə etmişlər. Həmçinin rayonda fəaliyyət göstərən aqrotexservislər kənd təsərrüfatı texnikasını almağa imkanı olmayan fermerlərə xidmət göstərirlər. “Aqrotexservis” ASC-nin Göyçay rayon şöbəsinin tabeçiliyində olan 20 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası təmir edilərək sahibkarların istifadəsinə verilmişdir. Bundan əlavə, “Aqrolizinq” ASC-nin rayon şöbəsi, eləcə də Bığır və Qaraməryəm mexanikləşdirilmiş dəstələri yaradılmışdır. Lizinq xətti ilə rayona gətirilmiş Rusiya və Çin istehsalı olan 30 ədəd yeni texnika vasitəsilə sahibkarlar torpağın şumlanması, toxum səpini, gübrələmə, məhsulun biçilib yığılması və digər sahələr üzrə 18 adda pullu xidmətdən yararlanırlar. Eyni zamanda, torpaq mülkiyyətçiləri Ucar Regional Aqroservis və Təchizat Bazasından və “Aqrolizinq” ASC-nin Çöyçay rayon filialından güzəştli qiymətlərlə kifayət qədər mineral gübrələr almışlar.