SİYASƏT
GÜRCÜSTANDAKI AZƏRBAYCAN MƏKTƏBLƏRİNƏ YARDIM DAVAM EDİR
Kvemo Kartli - Borçalı vilayətinin Tetri Skaro rayonundakı Kosalar kəndi dörd tərəfdən erməni, yunan, gürcü və rus kəndləri ilə əhatə olunub və bu bölgədə yeganə azərbaycanlı kəndidir. O, çoxdan unudulmuş bir oba idi. Yol çox bərbad olduğundan buraya gedib-gəlmək də çətinləşmişdi, camaatın imkansızlığı üzündən bu problemləri həll etmək mümkün deyildi. Lakin Gürcüstanda Eduard Şevardnadze, Azərbaycanda Heydər Əliyev hakimiyyətə yenidən gəldikdən sonra Kosalarda da həyat canlanmağa başladı...
“Prezident Heydər Əliyev bizi bir daha sevindirdi” – 150 nəfər şagirdin oxuduğu Kosalar kənd məktəbinə dövlətimizin başçısından hədiyyə kimi dərsliklər gətirilməsi münasibətilə burada keçirilən yığıncaqda bu sözləri tez-tez eşitmək olar.
Kvemo Kartli - Borçalı bölgəsi qubernatorunun müavini Zurab Kobiaşvili yığıncağı açaraq, Azərbaycan Prezidentinin hədiyyəsini gətirən şəmkirli qonaqları salamladı və bütün bölgə rəhbərliyi, məktəbin müəllim və şagird kollektivi adından Azərbaycan rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Məktəbin direktoru Təhməz Qacarov çıxışında xatırlatdı ki, məhz Azərbaycan Prezidenti Heydər Əliyevin qayğısı sayəsində Gürcüstandakı bütün Azərbaycan məktəbləri kimi, Kosalardakı bu tədris ocağı da dərslik və tədris vəsaiti ilə təmin olunmuşdur.
Sonra hədiyyə dərsliklər və maddi yardım məktəbin rəhbərliyinə təqdim edildi.
Axırda şagirdlər Azərbaycana, Gürcüstana və Prezident Heydər Əliyevə həsr edilmiş şerlər oxudular.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tetri Skaro