DÜNYA
GÜRCÜSTANDAKI RUSİYA HƏRBİ BAZALARININ ÇIXARILMASINA TƏXMİNƏN 300 MİLYON DOLLAR LAZIMDIR
Gürcüstan rəhbərliyinin Rusiya ilə birlikdə antiterror mərkəzi yaratmaq təklifi Gürcüstandan Rusiya hərbi bazalarının çıxarılması müddətini tezləşdirə bilməz. AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunu hazırda Uzaq Şərq hərbi dairəsində olan Rusiyanın müdafiə naziri Sergey İvanov açıqlamışdır.
Nazir demişdir: “Gürcüstan iqtidarının antiterror mərkəzi yaratmaq təklifi, olsa-olsa, ideyadır. Bu birincisi. İkincisi isə, bu, hətta ideya şəklində də Rusiya hərbi bazalarının Gürcüstanda qalması müddətinin və statusunun müəyyənləşdirilməsi ilə bağlı deyil və bağlı ola da bilməz”.
S.İvanov vurğulamışdır ki, Rusiya öz hərbi bazalarını Batumi və Axalkalakidən ancaq Rusiya ərazisində iki yeni hərbi baza yaratdıqdan sonra çıxara bilər.
Nazir bildirmişdir ki, Rusiya bazalarının Gürcüstandan çıxarılması üçün xərclər təxminən 300 milyon dollardır. Onun sözlərinə görə, RF Maliyyə Nazirliyi Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılmasına vəsaiti yalnız iki ölkə arasında saziş bağlandıqdan sonra ayıracaqdır.