SİYASƏT
GÜRCÜSTANIN VƏ AZƏRBAYCANIN TEZLİKLƏ NATO-YA TAMHÜQUQLU ÜZVÜ OLACAĞINA QOY HEÇ KİM ŞÜBHƏ ETMƏSİN
BUNU GÜRCÜSTAN PREZIDENTI EDUARD ŞEVARDNADZE HÖKUMƏTIN ICLASINDA BƏYAN ETMIŞDIR
İclasda ölkənin həyatı ilə bağlı məsələlər və onların həlli yolları müzakirə olunmuşdur. Prezident bu istiqamətdə görülən tədbirlərdən və artıq əldə edilmiş nəticələrdən ətraflı danışmışdır.
Gürcüstanın xarici dövlətlərlə əlaqələri və əməkdaşlığı barədə ətraflı məlumat verən E. Şevardnadze ölkəsinin Şimali Atlantika İttifaqına üzv olmasının perspektivlərinə toxunmuşdur. O demişdir: “Gürcüstanın NATO-ya tamhüquqlu üzvü olacağına qoy heç kim şübhə etməsin. Bu, olsa-olsa vaxt məsələsidir. Mən Azərbaycanın da NATO-ya tamhüquqlu üzv olacağına əminəm. Çünki, əvvəla, indi bütün dünyanın nəzərləri Xəzər regionuna, ilk növbədə, Azərbaycana dikilmişdir. İkincisi, Azərbaycanın Heydər Əliyev kimi müdrik, uzaqgörən, qətiyyətli rəhbəri var və onun bu keyfiyyətləri çox şeyə təminat verir”. Gürcüstan lideri Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri layihəsinin işlənib hazırlanmasında və qəbul edilməsində Prezident Heydər Əliyevin bu keyfiyyətlərinin həlledici rol oynadığını və BTC-nin gerçəkləşdirilməsi ilə əlaqədar Səngəçalda keçirilmiş təntənəli mərasimin dünyanın aparıcı dövlətlərində böyük maraq doğurduğunu və rəğbətlə qarşılandığını xüsusi vurğulayaraq bildirdi: “Bütün bunlar dostum və qardaşım Heydər Əliyevin bizim üçün də böyük əhəmiyyətə malik daha bir parlaq qələbəsidir”.
Eduard Şevardnadze çıxışının sonunda iclas iştirakçılarını, yerli və xarici jurnalistləri BTC-nin Gürcüstanda tikintisinin bünövrəsinin qoyulması münasibətilə fevralın 14-də keçiriləcək mərasimə dəvət etdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi