SİYASƏT
GÜRCÜSTAN PARLAMENTİNİN AZƏRBAYCANLI DEPUTATI “ŞƏRƏF” ORDENİ İLƏ MÜKAFATLANDIRILMIŞDIR
Gürcü və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə töhfəsinə, Gürcüstan-Azərbaycan əlaqələrinin genişlənməsində xidmətinə, Gürcüstanın ictimai həyatında fəal iştirakına görə ölkə parlamentininn deputatı Nidayət Hüseynov dövlət başçısı Eduard Şevardnadzenin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüşdür.
Bu yüksək mükafatın ona təqdim edilməsi ilə əlaqədar Marneuli şəhərində təntənəli mərasim keçirildi. Parlament sədrinin müavini İrakli Qoqava, ali qanunverici orqanın aqrar siyasət komitəsi sədrinin müavini, deputat Ramiz Vəkirov, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev, Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze, Prezidentin İcra Aparatının ərazi idarəetmə və regional siyasət məsələləri şöbəsi müdirinin müavini İmir Məmmədli, “Borçalı” qəzetinin redaktoru Azadə Taleh Abbasqızı və başqaları mərasimdə çıxış edərək prezident Eduard Şevardnadzenin Gürcüstan azərbaycanlılarının ölkənin tərəqqisi naminə fədakar əməyini həmişə yüksək qiymətləndirdiyini vurğuladı. Hidayət Hüseynovun deputat kimi fəaliyyətindən, soydaşlarımızın problemlərinin həlli üçün səylərini əsirgəmədiyindən danışdı, onu 60 yaşı tamam olması münasibətilə təbrik etdilər.
Sonra Hidayət Hüseynov çıxış edib, ona yüksək etimad göstərərək Gürcüstan parlamentinə iki dəfə deputat seçən Marneuli rayon sakinlərinə minnətdarlığını bildirdi və bu illər ərzində gördüyü işlər barədə qısa hesabat verdi. O, ordenlə təltif edilməsini təkcə ona deyil, həm də seçicilərinə hörmət əlaməti kimi dəyərləndirdi.
Sonda Marneuli şəhər bədii öşzfəaliyyət kollektivinin konserti oldu.