SİYASƏT
GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE BORÇALILARI NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK ETDİ
Gürcüstan prezidenti Eduard Şevardnadze Novruz bayramı günlərində Borçalıdakı soydaşlarımızı təbrik etmək üçün Marneuli rayonuna gəlmişdir. Gürcüstan rəhbəri bayram münasibətilə azərbaycanlı həmvətənlərini, ən əvvəl özünə yaxın dost və qardaş bildiyi Prezident Heydər Əliyevi ürəkdən təbirk etdi. O, gürcü və Azərbaycan xalqları arasında kökləri əsrlərin dərinliklərinə gedib çıxan dostluğu daim müqəddəs tutmağa, daim möhkəmləndirməyə çağırdı, soydaşlarımızın ona həmişə arxa-dayaq olduqlarına görə dərin minnətdarlığını bildirdi, artıq tam gücü ilə işləyən Bakı-Supsa neft kəmərini, habelə təməli bir neçə ay bundan əvvəl qoyulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərini onun ölkəsinin iqtisadiyyatının dircəldilməsinə, xalqın güzaranının yaxşılaşmasına əsl dost qayğısı kimi qiymətləndirdi.
Gürcüstan parlamentinə Marneuli rayonundan deputat seçilən Hidayət Hüseynov prezident E.Şevardnadzeni və Tbililsidən gəlmiş qonaqları xalqımıza xas ehtiramla salamalyaraq bildirdi ki, dövlət rəhbərinin bu qədim yurda bir daha qədəm basması azərbaycanlıların bayram sevincini daha da artırdı.
Sonra qonaqlar Marneuli rayon mərkəzindəki məscidə gəldilər. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Gürcüstan üzrə qazisi məşədi Əli ölkə rəhbəri Eduard Şevardnadzeni bütün rayon sakinləri və möminləri adından ehtiramla salamladı. Prezident Şevardnadze görüş iştirakçılarını xalqımızın bu əziz bayramı münasibətilə təbrik edərək dedi ki, Gürcüstan demokratik və dünyəvi dövlətdir, burada yaşayan xalqların hamısı, o cümlədən də azərbaycanlılar bütün hüquq və azadlıqlara, eləcə də vicdan azardlığına malikdir və öz dini dəyərlərinə qayıdırlar. Bu gün toplaşdığımız bu Allah evinin tikilib möminlərə verilməsi sözlərimə əyani sübutdur. Mən bu məscidin də, Borçalı bölgəsinin bir çox kəndlərində də müqəddəs ocaqların tikilib istifadəyə verilməsinə şadam. Sizi əmin edirəm ki, Borçalıda bundan sonra da məscidlər tikilməsinə heç bir əngəl törədilməyəcəkdir.
Dövlət başçısı Marneuli rayonlararası mərkəzi xəstəxanaya getdi, bu tibb ocağının müasir avadanlıqla nə dərəcədə təchiz edildiyi ilə maraqlandı, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçəcəyi ərazi ilə tanış oldu.
Gürcüstan Prezidenti Eduard Şevardnadzeni Borçalı bölgəsinə səfərdə ölkəmizin Tbilisidəki səfiri Hacan Hacıyev, ABŞ, Türkiyə, İran, Rumıniya, Ukrayna və başqa dövlətlərin səfirləri və digər rəsmi şəxslər müşaiyət edirdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi-Marneuli