CƏMİYYƏT
GÜZƏŞTLİ XƏSTƏLƏRƏ XİDMƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
Sumqayıt səhiyyə şöbəsində güzəştli xəstələrə tibbi xidmət göstərilməsinin təşkili problemlərinə həsr olunmuş görüş keçirilmişdir. Şəhərin müxtəlif ictimai təşkilatlarının nümayəndələri və tibb müəssisələrinin rəhbərləri Sumqayıt səhiyyə şöbəsi müalicə hissəsinin müfəttişi Barxudar Məmmədovun əlillərə və güzəştli xəstələrə tibbi xidmətin vəziyyəti barədə məlumatını dinləmişlər. Qeyd edilmişdir ki, Sumqayıtda məskunlaşmış qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, şəhərin 110 min sakininin güzəştli tibbi xidmət hüququ vardır. Cari ilin 6 ayı ərzində onlara 147 mindən çox pulsuz tibbi xidmət göstərilmişdir. Pullu tibbi xidmətlərdən əldə edilən vəsait hesabına güzəştli xəstələrə təxminən 40 min manatlıq resept yazılmışdır. Son iki ay ərzində Sumqayıtın ucqarlarında yaşayan əhaliyə tibbi xidmət göstərmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə səyyar pulsuz tibbi xidmət məntəqələri yaradılmışdır. 4 belə tədbir zamanı 14 profil üzrə mütəxəssislər 3 min 225 adama kömək göstərmişlər. Fikir mübadiləsi zamanı məlum olmuşdur ki, bir çox problemlər güzəştli xəstələrin maarif səviyyəsinin aşağı olması və müvafiq qanunvericilik aktları ilə vaxtında tanış edilməmələri ilə bağlıdır. Görüşdə mənfi halları aradan qaldırmaq üçün belə tədbirləri müntəzəm surətdə keçirmək qərara alınmışdır.