DÜNYA
“Gazprom” “Türk axını”nın dəniz hissəsinin inşası üzrə Türkiyə sularında axtarışlar aparmaq üçün icazə alıb
Bakı, 1 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) dənizdən keçəcək hissəsi üzrə iki boru kəmərinin inşası ilə bağlı Türkiyə sularında axtarış işlərinin aparılması üçün diplomatik kanallar vasitəsilə Türkiyədən icazə alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyəti sədrinin köməkçisi Vitali Markelov deyib. O bildirib ki, bu icazə əsasında Türkiyə sularında təxminən 200 kilometrlik sahədə tikintiyə hazırlıq işləri aparılacaq.
Qeyd edək ki “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağı planlaşdırılır. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.