CƏMİYYƏT


Gədəbəydə polis əməkdaşlarına zor tətbiq olunması faktı ilə bağlı cinayət işi üzrə istintaq yekunlaşdırılıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Bu il iyunun 9-da Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində xidməti vəzifələrini icra edən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına kənd sakinləri tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Gədəbəy Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla Zəhmətkənd bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə kənd sakini Əli Məmmədəliyevin yumruq və əlindəki balta ilə polis əməkdaşı Nurlan Əsgərova hücum edərək dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə, arvadı Tahirə Məmmədəliyevanın isə polis əməkdaşı Yaşar Hüseynovun üzərinə benzin tökməsi və əli ilə ona dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən onlar Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə Əli Məmmədəliyev barəsinə həbs, arvadı Tahirə Məmmədəliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.