REGİONLAR
Gədəbəydə qaydaları pozan sürücülər məsuliyyətə cəlb edilib
Gədəbəy, 19 iyul, Elcan Məmmədov, AZƏRTAC
Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, piyadalara yol verməyən və minik vasitələrinin ixrac qazları normadan artıq olan sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır. Dönmə siqnalları isə ilk növbədə, digər hərəkət iştirakçılarına istiqamətini müəyyənləşdirməyə kömək edir və yol qəzalarının baş verməsi ehtimalını azaldır. Ay ərzində davam etdirilən tədbirlər nəticəsində göstərilən faktlar üzrə 115 sürücü barəsində protokol tərtib olunub.