CƏMİYYƏT
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıblar
Bakı, 4 sentyabr, AZƏRTAC
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, iyulun 20-də Gədəbəy rayon sakini olan qadın rayon polis şöbəsinə müraciət edərək günorta saatlarında tanımadığı iki nəfərin yaşadığı evə qeyri-qanuni daxil olaraq, 1000 manat məbləğində pulunu və mobil telefonunu zorla alaraq qaçdıqlarını bildirib.
Müraciətlə əlaqədar rayon polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıblar. Hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Natiq Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ.Zülfüqarov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıblar. Araşdırılmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ev sahibini azyaşlı övladı ilə parkda gəzən zaman görüb, daha sonra onu təqib edərək yaşadığı evi müəyyən ediblər. Həmin fərdi evə qanunsuz daxil olan şəxslər soyğunçuluq ediblər.
Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər. Bundan başqa istintaq zamanı İ.Zülfüqarovun Bakıda da oxşar cinayət hadisəsini törətməsi müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.