CƏMİYYƏT
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində AZİNNEX üzvləri ilə görüş keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan texnoloji şirkətlərin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “İnnovasiyalar Mərkəzi”, “SİNAM”, “Ultra”, “İDRAK”, “B.EST Solutions”, “BestComp” və “CyberNet” şirkətlərinin rəhbərləri iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində texnologiya şirkətlərinin universitetlərlə əlaqələrinin genişləndirilməsi istiqamətində potensial əməkdaşlıq istiqamətləri və mentorların yetişdirilməsi üzrə əmək bazarının tələbləri müzakirə edilib. İnnovasiya sahəsində kadr potensialının artırılması, universitetlərdə startap ekosisteminin inkişafı məqsədilə tələbələrin startap kimi yetişdirilməsi və ideya mərhələsində olan startaplarının təkmilləşdirilməsi üçün birgə əməkdaşlıq proqramlarının hazırlanması ilə bağlı razılıq əldə olunub.
Xatırladaq ki, aprelin 6-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.