CƏMİYYƏT
“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində Xəzər Universitetində tələbələrlə görüş
Bakı, 24 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən reallaşdırılan "Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Xəzər Universitetinin tələbələri ilə keçirilib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, marafonun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclərə təbliğ etməkdir.
Tədbiri açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, rəhbəri olduğu marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaşyönümlü prinsiplə təşkilini təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkədə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına yönəlib.
Tədbirin təşkilatçılarından olan Sənaye Mühəndislik Klubunun sədri Hümmət Abdullazadə qeyd edib ki, tələbələrin fərdi təşəbbüsləri bütün ali məktəblər tərəfindən dəstəklənməlidir. Sənaye Mühəndislik Klubu tələbələrin inkişafı istiqamətində fəaliyyət göstərir.
"Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğur nümunələri, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.
Marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək.
"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.