CƏMİYYƏT
“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Bakı Slavyan Universitetində keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” devizi altında reallaşdırdığı ümumrespublika marafonu çərçivəsində növbəti tədbir Bakı Slavyan Universitetində (BSU) təşkil olunub.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, BSU-nun prorektoru Xanım Sultanova belə təlimlərin məqsədinin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş vəzifə və prinsiplərini gənclər arasında təbliğ etmək olduğunu vurğulayıb.
Mərkəzin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.
“Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonunun təlimçisi, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Qeyd olunub ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. İndiyədək Azərbaycan Kooperasiya, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər və Xəzər universitetlərində təlimlər təşkil olunub. Müxtəlif mövzulara həsr olunan təlimlər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində də keçiriləcək.