REGİONLAR
Gələn il Şəmkirdə daha 40 min tut tingi əkiləcək
Şəmkir, 11 avqust, Famil Quliyev, AZƏRTAC
Şəmkirdə baramaçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər görülür. Belə ki, rayonda artıq 40 min tut tingi əkilib, baramaçılığın yem bazası gücləndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Şəmkirdə keçirilən rayon yığıncağında məlumat verilib. Yığıncaq barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsinin yekunlarına və qarşıda duran məsələlərə həsr olunub.
Bildirilib ki, rayonda baramaçılığın inkişaf etdirilməsi üçün əsaslı yem bazasının yaradılmasına xüsusi önəm verilir. Bu baxımdan rayonda tut bağlarının sahəsi daha da artırılacaq. Növbəti ildə daha 40 min tut tinginin əkilməsi nəzərdə tutulub.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, bələdiyyə sədrlərinin, sahibkarların, qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirak etdiyi tədbirdə Şəmkirdə tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi yolları müzakirə olunub.