CƏMİYYƏT
“Gəlin onları qoruyaq” devizi ilə psixoloji maarifləndirmə xarakterli görüş keçirilib
Bakı, 6 avqust, AZƏRTAC
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi ilə Qaradağ Rayon İcra Hakimiyyəti və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəlin onları qoruyaq” devizi ilə “Şəhid ailələri, Vətən müharibəsi əlilləri, veteranlar və müharibə iştirakçılarının psixoloji problemlərinin həllinə dəstək proqramı”na uyğun olaraq psixoloji maarifləndirmə və motivasiya xarakterli görüş keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə rayon icra hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, İctimai Birliyin sədri Yasəmən Qəyyumlu, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Nəcəfova, Milli Məclisin deputatı Razı Nurullayev, tanınmış psixoloqlar çıxış edərək şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranların psixoloji problemlərini dinləyərək çıxış ediblər. Qeyd edilib ki, görüşün əsas məqsədi dövlətimizin başçısı İlham Əliyevin şəhid ailələrinə Vətən müharibəsi əlillərinə, veteranlara göstərilən diqqət və qayğıyönümlü uğurlu siyasətinə dəstək olmaq, onların psixoloji problemlərinin həllinə yardımçı olmaqdır.
Y.Qəyyumlu çıxışında vurğulayıb ki, sosial siyasətə psixoloji dəstək tədbirləri, motivasiya və maarifləndirmə ruhda görüşlər mütəmadi olaraq gələcəkdə də davam etdiriləcək.
Sonda dəstək proqramı layihəsinin iştirakçıları olan psixoloqlara təşkilat tərəfindən sertifikatlar verilib.