İQTİSADİYYAT
Gəmiçilikdə işə qəbul ilə bağlı yeniliyin tətbiqinə başlanılıb
Bakı, 24 noyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən üzən heyətin işə qəbulunda yeniliyin tətbiqinə başlanılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan sonra namizədlərin nəzəri bilikləri işə qəbul prosesinin ilkin mərhələsində test imtahanı vasitəsilə yoxlanılacaq. Məqsəd prosesi təkmilləşdirmək və güclü kadr bazası yaratmaqdır.
“AXDG” QSC-nin rəsmi saytında elan olunan “matros”, “motorçu” və “elektrik” vakansiyaları haqqında məlumatlar dənizçilik üzrə peşəkar karyerasını inkişaf etdirmək istəyənlər tərəfindən böyük maraqla qarşılanıb.
İmtahan tam şəffaf qaydada baş tutub. İlk gündə imtahanda ümumilikdə 53 namizəd biliklərini sınayıb. İRİD, daxili audit departamentinin mütəxəssislərindən və kənar təşkilatların nümayəndələrindən ibarət heyət tərəfindən prosesə xüsusi nəzarət həyata keçirilib.
Namizədlərə 100 sualı cavablandırmaq üçün iki saat vaxt verilib. İddiaçılar imtahanın nəticələrini yerindəcə öyrəniblər. Səksən və daha çox bal toplayanlar müsahibə mərhələsinə dəvət olunacaqlar.
Xatırladaq ki, AXDG-də işə qəbul olunmaq istəyən şəxslər şirkətin www.acsc.az korporativ veb-səhifəsinin “Karyera” bölməsinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar.