MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı iki beynəlxalq festivalda təmsil olunacaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Rusiyanın Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün birinci Beynəlxalq Teatr Festivalında iştirak edir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Rusiyanın Teatr Xadimləri İttifaqının və Kalmıkiyanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-dək davam edəcək festivalda sənət ocağının kollektivi “Tıq-tıq xanım” tamaşasını göstərəcək. Quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı olan tamaşada rolları aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Elşən Şıxəliyev, Günel Məmmədova, Aygün Fətullayeva, Xalq Artisti Ağaxan Salmanlı ifa edəcəklər.
Festivalın münsiflər heyətinə Rusiya, Qazaxıstan və digər ölkələrdən dəvət edilmiş tanınmış teatr mütəxəssisləri daxildir.
Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru isə Kiyev şəhərində “Mariya” adlı Beynəlxalq Monotamaşalar Festivalında iştirak etmək üçün Ukraynanın paytaxtına yol düşüb. Oktyabrın 9-dək davam edəcək festivalda ölkəmiz “Kontrabas” tamaşası ilə təmsil olunacaq. Tamaşada Əməkdar Artist Şövqi Hüseynov çıxış edəcək.