MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı qış tətili günlərində maraqlı tamaşalarla çıxış edəcək
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin qış tətili günlərində maraqlı tamaşalarla çıxış edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağı klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşalarla teatrsevərlərin görüşünə gələcək.
Start götürəcək tamaşalar paradı yanvarın 30-dək davam edəcək. Belə ki, bu gün “Hekayəti-Xırs quldurbasan”, yanvarın 28-də Y.Şvartsın “Qırmızı papaq”, yanvarın 29-da H.X.Andersenin “Çirkin ördək balası”, yanvarın 30-da isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərləri əsasında hazırlanan səhnə əsərləri təqdim olunacaq.
Tamaşaların nümayişində məqsəd məktəblilərin, yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, habelə onları klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanan ən yaxşı nümunələrlə tanış etmək, dünyagörüşlərinin və estetik zövqlərinin formalaşmasına kömək etməkdən ibarətdir.