MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının aktyoru dünya şöhrətli rejissorun yubileyində iştirak edib
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq Artisti Tariyel Qasımov Özbəkistan Dövlət mükafatı laureatı, SSRİ Xalq Artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubiley mərasiminə qatılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktyorumuz Moskva şəhərində Mərkəzi Kino evinin böyük zalında baş tutmuş yubiley mərasimində xüsusi qonaq qismində iştirak edib. Kinorejissorun özbək şairi Niyazi Həmzəyə həsr etdiyi 17 seriyalı “Odlu yollarla” tarixi televiziya filmində çəkilən Tariyel Qasımov çıxışında film haqqında təəssüratlarını bölüşərək yubilyara yeni yaradıcılıq uğurları arzulayıb.
Mərasimdə yubilyarın dostları, teatr və kino aktyorları çıxışlar ediblər. Yubiley mərasimi Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı, Kinematoqrafçılar İttifaqının kino aktyorları gildiyası və ittifaqın beynəlxalq şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.