ELM VƏ TƏHSİL
Gənc alim və mütəxəssislərin institutlararası beşinci futbol çempionatının qalibləri mükafatlandırılıblar
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alim və mütəxəssislərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş institutlararası beşinci futbol çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb.
Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana xüsusi önəm verdiyini qeyd edən alim dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Akademik A.Əlizadə ölkəmizdə elm, təhsil və idmanın inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Bildirilib ki, futbol çempionatına 17 komanda qatılıb. Çempionatın nəticələrinə əsasən, birinci yeri AMEA-nın Fizika İnstitutunun, ikinci yeri akademiyanın Rəyasət Heyətinin, üçüncü yeri İqtisadiyyat İnstitutunun, dördüncü yeri isə Yüksək Texnologiyalar Parkının komandaları tutub.
Çempionatda birinci, ikinci və üçüncü yerləri tutan qalib komandaların üzvlərinə medal, diplom və pul mükafatları verilib. Eyni zamanda, birinci yeri tutan Fizika İnstitutunun komandasına kubok təqdim olunub.