CƏMİYYƏT
Gənc memarların və tələbələrin işlərinin III Respublika müsabiqəsinə yekun vurulub
Bakı, 29 iyul, Ramiz Quliyev, AZƏRTAC
İyulun 29-da Gənc Memarlar və Tələbələr Klubunun təşkilatçılığı, Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə gənc memarların və tələbələrin işlərinin III Respublika müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə 46 iş təqdim olunub. Əsas məqsəd gələcəkdə beynəlxalq müsabiqələrdə iştirak üçün yeni ideyaların və istedadların müəyyən edilməsi, memarlıqda qeyri-standart konsepsiya axtarışı, müasir yanaşma, memarlıq mühitinin formalaşmasında yeni tendensiyaların, perspektiv istiqamətlərin potensial sifarişçiyə layiqli təqdimatı, novator ideyalara investorların diqqətinin cəlb edilməsi olub.
Müsabiqəyə bütün konseptlər, ideya və layihələr üzrə işlər - kurs işləri (tələbələr üçün), diplom işləri (məzunlar üçün) və fərdi işlər təqdim olunub.
Münsiflər heyətinin qərarına əsasən, birinci yerə Fikrət Qasımzadə (“Baku Exhibition Centre” layihəsi), ikinci yerə Fidan Məmmədova (“Xaçmazda aeroport” layihəsi), üçüncü yerə isə Sevda Mikayılova (“Abşeronun bəzi karvansaraylarının istifadəsi və mühafizəsi problemləri” layihəsi) layiq görülüblər. Bundan əlavə, bir sıra memarlıq şirkətləri tərəfindən həvəsləndirici mükafatlar verilib.
Müsabiqədə fərqlənən işlər Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəxri diplomları ilə təltif olunublar.