MƏDƏNİYYƏT
Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun fəaliyyətinə həsr edilmiş tədbir keçirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Milli Azərbaycan Tarixi Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, klubun rəhbəri, muzeyin elmi işçisi Sahibə Ələkbərova rəhbəri olduğu qurumun fəaliyyəti haqqında məlumat verib.
Vurğulanıb ki, klub fəaliyyət başladığı gündən etibarən bir sıra işlər görüb. İlk üzvləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Turizm və Menecment Universitetinin “Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrdən ibarət olan klubun təşkil etdiyi tədbirlərdə tariximizin öyrənilməsi, muzeyə və maarifləndirici tədbirlərə marağın artırılmasına xüsusi diqqət ayrılıb.
Vurğulanıb ki, Milli Azərbaycan Tarixi Muzeyinin təşəbbüskarı və təşkilatçısı olduğu çoxsaylı tədbirlərdə “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” yaxından iştirak edib.
Klub milli yaddaşımızın, mədəni irsimizin təbliğatçısı kimi əhəmiyyətini bir daha təsdiqləyib.
Sonda klubda təşkil olunmuş mühazirələrdə fəal iştirak etmiş üzvlər sertifikatla təltif olunub.