CƏMİYYƏT
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə rayon mərhələsinə yekun vurulub
Bakı, 1 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı, nazirliyin aidiyyəti qurumları və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə qarşılıqlı fəaliyyət çərçivəsində Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bazasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə rayon birinciliyi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyin təmin edilməsində məsuliyyətin, hərbi vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən yarış “Kombinəedilmiş yanğın estafeti” mərhələsindən ibarət olub.
Paytaxtın bütün inzibati rayonlarını təmsil edən məktəb komandalarının qatıldığı yarışın “Kombinəedilmiş yanğın estafeti” mərhələsi zamanı komandalar müxtəlif maneələri bacarıqla dəf edərək, yanğınsöndürmə dəstlərini geyinib, yüksəktəzyiqli su şırnağı ilə qarşıdakı hədəfləri vurublar.
Yarış sağlam idman əhval-ruhiyyəsi və yüksək obyektivlik şəraitində keçirilib və paytaxt üzrə rayon mərhələsinə yekun vurulub.
Yekunda Bakı şəhər birinciliyində Binəqədi rayonunun 246, Yasamal rayonunun 31, Nərimanov rayonunun 36, Nizami rayonunun 220, Nəsimi rayonunun 19, Xətai rayonunun 58, Xəzər rayonunun 149, Pirallahı rayonunun 235, Qaradağ rayonunun 319, Səbail rayonunun 239, Suraxanı rayonunun 281 və Sabunçu rayonunun 295 nömrəli tam orta məktəblərinin komandaları öz rayonlarını təmsil edəcəklər.