REGİONLAR
Gəncə Dövlət Filarmoniyasında Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı təşkil olunub
Gəncə, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Filarmoniyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən konsert proqramını şəhər rəhbərliyi, Milli Məclisin deputatları, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri izləyiblər.
Tədbirdə qeyd olunub ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevin inkişaf strategiyasını hazırda Prezident İlham Əliyev uğurla reallaşdırır.
Bayram konsertində Xalq artistləri Şahnaz Haşımova, Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Vasif Bayramov, Əli Məmmədov, Elmir Pişnamazzadə və digərləri zəngin repertuarlarla çıxış ediblər.
Baletmeyster Sənan Cavadovun quruluşunda nümayiş olunan xalq rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Həmçinin konsertdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında şair dramaturq Aydın Muradoğlunun “Alın yazısı” poemasından bir parça da təqdim olunub.