REGİONLAR
Gəncə Dövlət Universiteti ilə İstanbul Universiteti birgə layihələr reallaşdıracaqlar
Gəncə, 29 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universiteti ilə Türkiyə Respublikasının ən böyük elm-təhsil müəssisələrindən olan İstanbul Universiteti birgə layihələrdə iştirak edəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hər iki ali təhsil ocağı arasında icra ediləcək layihələr əməkdaşlıq müqaviləsinə əsasən həyata keçiriləcək.
Məlumat verilib ki, 2016-cı ilin oktyabrın 23-də İstanbul Universitetinin rektoru, professor Mahmut Ak və mühəndislik fakültəsinin dekanı, professor Mehmet Bilgin Gəncə Dövlət Universitetində olublar. Əlaqələrin davamı olaraq bir ay sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov İstanbul Universitetinə səfər edib və ali məktəblər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İkitərəfli qarşılıqlı münasibətlərin inkişafını nəzərdə tutan əməkdaşlıq müqaviləsinə əsasən 2017-ci il aprelin 29-da İstanbul Universitetinə qəbul olmaq istəyən xarici tələbələr üçün Gəncə Dövlət Universitetində YÖS imtahanları təşkil edilib. Məhz İstanbul Universitetinin Beynəlxalq Tələbə İmtahanı – İÜYÖS hər il minlərlə tələbəyə Türkiyədə bakalavr təhsili almaq imkanı yaradır. İstanbul Universiteti tərəfindən təşkil olunan “YÖS–2017” dünyanın 50 ölkəsində, 71 müxtəlif şəhərdə, o cümlədən respublikamızın Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilib.
Universitetlər arasında ikitərəfli münasibətlərin gələcək inkişafını nəzərdə tutan əməkdaşlıq müqaviləsindəki digər istiqamətlərin də icrasını təmin etmək məqsədilə Gəncə Dövlət Universitetinin rektoru tərəfindən müvafiq işçi qrup yaradılıb. Həmin işçi qrupa daxil olan Milli Məclisin deputatı Pərvin Kərimzadə, innovasiyalar departamentinin direktoru Vasif Həsənov, eləcə də universitetin digər fakültə və ixtisaslarının professor və müəllim heyəti bu ilin iyununda İstanbul Universitetində işgüzar səfərdə olublar. Səfər çərçivəsində qonaqlara İstanbul Universitetinin keçdiyi tarixi inkişaf yolu, beynəlxalq əlaqələri və ali təhsil müəssisəndəki tədris və imtahan prosesinin təşkili barədə ətraflı məlumat verilib, gələcəkdə həyata keçiriləcək ortaq işlər haqqında fikir mübadiləsi aparılıb. Həmçinin İstanbul Universitetinin infrastrukturu, maddi-texniki və tədris bazası, laboratoriyaları və zəngin kitabxanası ilə tanış olan nümayəndə heyətinin üzvlərinə burada aparılan akademik və elmi fəaliyyət haqqında məlumat verilib.
Daha sonra nümayəndə heyəti universitetin nəzdindəki “Entertech” texnoparkında olublar. Nümayəndə heyəti ilə keçirilən görüşdən sonra texnoparkla tanışlıq təşkil edilib. Texnoparkın nəzdində yerləşən inkubatorları ziyarət edən nümayəndə heyətinin üzvlərinə orada fəaliyyət 100-ə yaxın firma və şirkət haqqında məlumat verilib. Həmçinin qonaqlar böyüyən şirkətlər tərəfindən texnopark ərazisində tikilən binalara baxıb, firma və şirkətlərlə hər iki universitet arasında innovasiyalar sahəsində görülə biləcək işləri müzakirə ediblər.