REGİONLAR
Gəncə Dövlət Universitetində Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunub
Gəncə, 5 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) görkəmli bəstəkar, ictimai xadim, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Fikrət Əmirovun musiqi dünyası” adlı ədəbi-bədii gecədə bəstəkarın Azərbaycan musiqi xəzinəsinə misilsiz töhfələr verən yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Fikrət Əmirov opera yaradıcılığında dünya opera bəstəkarlarının, xüsusilə də Çaykovski ənənələrindən bəhrələnib. Bəstəkarın vətənpərvərliyə səsləyən, bəşəri ideyaları tərənnüm edən zəngin irsi Azərbaycan musiqi sənətinin ən parlaq səhifələrindəndir. O da qeyd edilib ki, yüz illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda verilən yüksək qiymətin təzahürüdür.
Tədbirin bədii hissəsində universitetin “Musiqi müəllimliyi” ixtisasının tələbələri tərəfindən “Sevil” operasından Balaşın nəğməsi, “Dilbərin mahnısı”, “Səhər” filmindən “Aslanın mahnısı”, “Göygöl”, “Odlar ölkəsi” və başqa mahnılar səsləndirilib.