REGİONLAR
Gəncə Dövlət Universitetində Səməni festivalı keçirilib
Gəncə, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində Biologiya-kimya fakültəsinin təşkilatçılığı ilə Səməni festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər.
Universitetin professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə iştirak etdiyi festivalda Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, professorlar Vaqif Novruzov və Sevda Əhmədova, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev tələbələrin yaradıcılıq bacarıqlarını qiymətləndirmək üçün münsif kimi seçiliblər.
Təqdim olunan bayram xonçalarının demək olar ki, hamısında insanların bahar bayramına hazırlıqları, təbiətin 4 ünsürünü özündə əks etdirən su, od, külək və torpaq çərşənbələri, xalqımızın məişəti və adət-ənənələri geniş əks etdirilib.
Festivalın şərtlərinə görə, ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr təqdim etdikləri bayram xonçalarının hazırlanmasına görə yarışa qatılıblar.
Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilib. Biologiya müəllimliyi ixtisasının 1-ci kurs tələbələri ilk yerin sahibi seçiliblər. Biologiya ixtisası üzrə 2-ci kurs və Biologiya müəllimliyi ixtisasının 1-ci kurs tələbələri 2-ci yerə, Biologiya müəllimliyi üzrə 2-ci kurs və Kimya – Biologiya ixtisası üzrə 1-ci kurs tələbələri isə 3-cü yerə layiq görülüblər.