REGİONLAR
Gəncə Dövlət Universitetində təlim - “Gənclər davamlı inkişaf üçün”
Gəncə, 7 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları tərəfindən “Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində təlim keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təlimdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva dövlət tərəfindən gənclərin inkişafına dair həyata keçirilən layihələrdən və Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən söhbət açıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev qeyd edib ki, “Gənclər davamlı inkişaf üçün” layihəsinin əsas məqsədi tələbələrin bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artırılmasıdır.
Təlimdə Əfqan Baxşəliyev gənclərin inkişafı, təhsil, karyera və peşələrinin düzgün seçilməsinə dair maarifləndirici söhbət aparıb.
Sonda qarşılıqlı müzakirələr həyata keçirilib, tələbələrin fikir və rəyləri öyrənilib.