REGİONLAR
Gəncə ilə Çinin Çindao şəhəri arasında əməkdaşlıq protokolu imzalanıb
Gəncə, 27 aprel, AZƏRTAC
Aprelin 26-da “Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Çin Xalq Respublikasının Çindao şəhəri arasında dostluq və əməkdaşlıq münasibətləri qurmaq barədə Niyyət Protokolu”nun imzalanması mərasimi keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisinin açılışı çərçivəsində keçirilmiş imzalanma mərasimində sözügedən protokolu Gəncə Şəhər İcra Hakimiyyəti adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Çindao Şəhər Hakimiyyəti adından isə xarici əlaqələr üzrə mer müavini Süe Çinquo imzalayıb.
Niyyət protokolu Gəncə şəhəri ilə təqribən 10 milyona yaxın əhalisi və 191 milyard ABŞ dolları həcmində ÜDM-i olan, “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində yükdaşımaları baxımından Çinin 5 ən önəmli dəniz limanından birinin, eləcə də “Haier” və “Hisense” kimi nəhəng Çin şirkətlərinin yerləşdiyi Çindao şəhəri arasında ticarət-iqtisadi, mədəniyyət, təhsil, elm-texnika, səhiyyə, idman, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın fəal inkişaf etdirilməsini və genişləndirilməsini nəzərdə tutur.
Azərbaycanın da dialoq üzrə tərəfdaş statusuna malik olduğu ŞƏT-lə Çin arasında ticarət-iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyən və Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə yaradılmış “Çin-ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Nümayiş Zonası”nın Çindao şəhərində yerləşməsi, bu zonanın ərazisində Azərbaycan Ticarət Evinin fəaliyyət göstərməsi, habelə zonadan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa yükdaşımalarının həyata keçirilməsi yaxın gələcəkdə Gəncə şəhərində istehsal olunan məhsulların Çindaoya və onun vasitəsilə Çin bazarına daxil olmasına geniş imkanlar yaradacaq.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisinin açılış mərasimi çərçivəsində Çindao şəhəri ilə Pakistanın Faysalabad şəhəri arasında da əməkdaşlıq əlaqələrinin qurulmasına dair sənəd imzalanıb. Çindao şəhəri bu günədək Sankt-Peterburq (Rusiya), Bilbao (İspaniya), Mayami (ABŞ), Montevideo (Uruqvay), Nant (Fransa), Odessa (Ukrayna), Klaypeda (Litva) və Manhaym da (Almaniya) daxil olmaqla, 25 şəhərlə qardaşlaşma haqqında sənədlər imzalayıb.
Qeyd edək ki, cari il aprelin 26-28-də keçirilən ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində ŞƏT ailəsinə daxil olan ölkələr, o cümlədən Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur. Vahid ölkə stendində Azərbaycanda istehsal olunan müxtəlif növ qida və içki məhsullarının nümayişi və satışı həyata keçirilir.