REGİONLAR
Gəncə şəhər məktəblilərinin Daşkəsənin Gurbulaq kənd məktəbinə dostluq səfəri
Daşkəsən, 30 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli və Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli məktəblərin şagirdləri “Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinə dostluq səfəri ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər üç məktəbi birləşdirən ümumi cəhət məktəblərin Vətən müharibəsi şəhidi olan qəhrəman müəllimləridir. Belə ki, İsrafilov Vidadi Vaqif oğlu Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat, İsmayılov Rabil Elbrus oğlu Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat, Məmmədov Rəşad Fərəməz oğlu isə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi olublar.
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb.
Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi işində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynayır. Cəmiyyətimiz üçün nümunəvi vətəndaşların yetişdirilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham ƏIiyev tərəfindən Azərbaycan təhsilinin qarşısında qoyulmuş əsas vəzifələrdəndir.
Qeyd olunub ki, bu cür görüşlər şəhər və kənd məktəblərinin, o cümlədən şagirdlərin təcrübə mübadiləsində və ortaq qərarların qəbulunda mühüm amillərdəndir. Növbəti mərhələdə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin şagirdləri Gəncə şəhər məktəblərinə səfər edəcəklər.
Sonra Gəncə şəhər məktəbliləri Gurbulaq məktəbinin şagirdləri ilə dostluq əlaqələri qurub, gətirdikləri hədiyyələri təqdim ediblər.