REGİONLAR
Gəncə və Göygöldə karantin rejimi ilə bağlı birgə reyd keçirilib
Gəncə, 6 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün həyata keçirilən maarifləndirmə xarakterli reydlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti reyd Gəncənin Hacıkənd qəsəbəsi və Göygöldə fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində aparılıb.
Reyd sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin təmin olunması məqsədi daşıyıb. Reyd koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilib. Gəncənin Hacıkənd qəsəbəsi və ona yaxın olan Göygöl rayonunun ərazisindəki müxtəlif iaşə və ticarət obyektlərinə baş çəkən rəsmilər sözügedən məkanlarda xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyətini araşdırıblar. Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət etməyənlər barəsində qanuna müvafiq formada tədbirlərin görüləcəyi bir daha xatırladılıb.