REGİONLAR
Gəncə və Qəbələdən olan gənc sahibkarlar məhsul və xidmətlərini təqdim ediblər
Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatı dəstəyi ilə “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi tərəfindən “Region gənclərinin biznes və peşəkar inkişafı” adlı layihə çərçivəsində Gəncədə biznes sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Gəncə və Qəbələdən olan 60 gənc sahibkar tərəfindən müxtəlif çeşiddə məhsul və xidmətlər təqdim olunub.
Layihə çərçivəsində keçirilən təlimlərdə Gəncə və Qəbələ regionunda yerləşən peşə təhsili müəssisələrində təhsil alan tələbələr iştirak ediblər.
“Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyinin proqram koordinatoru Aidə Cəfərova bildirib ki, təlimlər birliyin peşəkar təlimçiləri tərəfindən keçirilir. Layihə iştirakçılarına həm iqtisadi-sahibkarlıq biliklərinin, həm də peşə bacarıqlarının inkişafı üçün imkanlar yaradılıb.
Həmçinin gənclər şəxsi maliyyənin qazanc, qənaət, investisiya, büdcə, kredit, risklərin idarə olunması, vergi qaytarma kimi əsas elementləri, biznesdə maliyyə məqsədlərinə nail olmaq üçün gəlirin səmərəli istifadəsinə dair düzgün qərar qəbul etməyi də öyrəniblər.
Qeyd edilib ki, bu cür biznes sərgilər yeni əlaqələrin qurulması və genişləndirilməsi üçün əlverişli imkan yaradır.