ELM VƏ TƏHSİL
Gəncədə “Gənc elmi tədqiqatçılar və mədəni birlik” təşkilatı yaradılacaqdır
Gəncə, 7 fevral (AZƏRTAC). Yaxın vaxtlarda Gəncədə “Gənc elmi tədqiqatçılar və mədəni birlik” təşkilatı yaradılacaqdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin birgə təşəbbüsü ilə yaradılacaq qurum qeyri- hökumət təşkilatı kimi fəaliyyət göstərəcəkdir.
AMEA-nın Gəncə Regional Elmi Mərkəzi direktorunun müavini Samir Pişnamazzadə AZƏRTAC-a demişdir ki, təşkilatın yaradılmasının əsas məqsədi Gəncə şəhərində gənclərin elmə marağını artırmaqla yanaşı, elmi kadrların hazırlığını qarşıya qoyulmuş tələblər səviyyəsinə yüksəltməkdir.
Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncənin elmi potensialı çox yüksəkdir. Həmin təşkilatın yaradılması da, bu potensialdan maksimum istifadə edilməsində, gənc tədqiqatçıların bir araya gətirilməsində və onların imkanlarından istifadə edilməsində mühüm rol oynayacaqdır. Bundan əlavə, təşkilat tarixi zənginliklərə malik bölgədə tədqiqat işləri ilə də məşğul olacaqdır.