REGİONLAR
Gəncədə “Pianoçular festivalı” keçirilib
Gəncə, 15 iyun, Elcan Məmmədov, AZƏRTAC
İyunun 15-də Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan “Pianoçular festivalı” təşkil edilib.
Gəncə Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Sonra tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, deputat Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, ADAU-nun rektoru İbrahim Cəfərov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aparıcı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın taleyində böyük əhəmiyyəti olan 15 İyun - Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verib.
Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Gəncə Dövlət Universitetinin dissertantı Aynur Şixiyeva “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda çıxış edib.
Tədbirdə Milli Qurtuluş Günü ilə bağlı videoçarx da nümayiş olunub.
Festivalda Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq Musiqi məktəblərinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, Əməkdar artisti Kəmalə Tağızadənin və Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, gənc pianoçu Mürsəl Əsgərzadənin ifasında musiqi nömrələri səsləndirilib.
Sonda festivalda iştirak edən müəllim və şagirdlər fəxri fərmanlarla təltif olunublar.