REGİONLAR
Gəncədə “Region gənclərinin I sahibkarlıq forumu” keçiriləcək
Gəncə, 12 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin (GİB) təşkilatçılığı ilə fevralın 15-16-da respublikada ilk dəfə Gəncədə “Region gənclərinin I sahibkarlıq forumu” keçiriləcək.
“Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin icrasında məqsəd region gənclərini həvəsləndirərərək sahibkarlıq fəaliyyətinə cəlb etmək, onları investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırmaq və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə yiyələnmələrinə şərait yaratmaqdır.
Layihənin ilkin hazırlıq mərhələsinin uğurla yekunlaşdığını deyən N.Ələsgərova bildirib ki, bu gün ölkəmizdə iqtisadiyyat sahəsində əsas məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı ən əsas şərtlərdəndir. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında məqsəd və vəzifələrdən biri gənclər arasında sahibkarlığın inkişafı ilə əlaqədardır.
Elə bu səbəbdən hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışan Odlar Yurdu GİB-in 2019-cu il prioritet istiqamətlərindən biri məhz sahibkarlıq fəaliyyətidir.
İcra ediləcək layihə gənclərin, xüsusilə region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunub. Layihə çərçivəsində həyata keçiriləcək region gənclərinin 1-ci sahibkarlıq forumunda gənclər peşəkar təlimçilərin təlimlərində öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə yiyələnəcək, uğurlu gənc sahibkarlarla tanış olacaqlar. Gənc sahibkarların uğur hekayələrini dinləyəcək, həmçinin gənclər özlərini narahat edən suallara cavab tapacaqlar. Forum iştirakçıları biznes ideyasının təhlil olunması və düzgün istiqamətləndirilməsi ilə yanaşı, mövcud investisiya imkanları haqqında da məlumatlandırılacaqlar.