CƏMİYYƏT
Gəncədə ahıl vətəndaşlara yardım paylanılıb
Bakı, 30 mart, AZƏRTAC
Prezident İlham Əliyevin çağırışına əsasən, Gəncədə yaşı 65-i keçmiş tənha və ahıl insanların karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanı olmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə onlara yardım paylanılıb, sosial xidmətlər göstərilib.
YAP Gəncə şəhər təşkilatından AZƏRTAC-a bildiriblər ki, məqsəd risk qrupuna aid vətəndaşların evdə qalmalarına nail olmaq və beləliklə, onları virusdan mümkün qədər qorumaqdır. Bunun üçün ahıl vətəndaşlara içərisində gündəlik istifadə olunan ərzaq məhsulları və tibbi ləvazimatlar olan yardım bağlamaları çatdırılıb.
Gəncənin Nizami və Kəpəz rayonları üzrə həyata keçirilən aksiyada sovqatların vətəndaşlara çatdırılmasında YAP Gəncə şəhər təşkilatının fəalları yaxından iştirak ediblər. Gənclər ahıl və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara yardımların çatdırılması ilə yanaşı, onların səhhətləri və qayğıları ilə də yaxından maraqlanıblar.
Qeyd edək ki, YAP fəallarının bu qəbildən olan və tənha yaşayan sakinlərə yardımları, sosial xidmətləri xüsusi karantin rejimi başa çatanadək davam edəcək.