REGİONLAR
Gəncədə erməni terroru qurbanlarının xatirəsi anılır
Gəncə, 11 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində həlak olan dinc sakinlərin xatirəsi anılır.
2020-ci il oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərinə növbəti raket hücumu nəticəsində dinc sakinlərin yaşadığı bina yerlə-yeksan olmuş, 10 mülki şəxs həyatını itirmiş, 40 nəfər yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ictimaiyyəti, rəsmi şəxslər, idarə və müəssisə əməkdaşları hadisə yerinə gül-çiçək düzür, həlak olan dinc sakinlərin ruhlarına dualar oxuyurlar.
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla, 175 nəfər yaralanıb.