CƏMİYYƏT
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Bakı, 1 dekabr, AZƏRRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz tərk etmələrinə qarşı fasiləsiz tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri Asəf Həsənov, Ramil Məmmədov, Çingiz Kazımov, Asəf Məsimov və Sadiq Abdullayevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanları tərk etmələri aşkarlanıb.
Həmin şəxslər müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriliblər. Onların barələrində Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanıb.