REGİONLAR
Gəncədə məhdud fiziki imkanlı gənclərin əl işlərindən ibarət satış-sərgi açılıb
Gəncə, 24 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə məhdud fiziki imkanlı gənclərin əl işlərindən ibarət satış-sərgi açılıb.
Məhsəti Gəncəvi Mərkəzində təşkil olunan sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Gəncədəki baş konsulu Zeki Öztürk, həmçinin şəhər ictimaiyyəti iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə 10-a yaxın məhdud fiziki imkanlı, istedadlı gəncin 100-dək əl işi nümayiş olunub.
Əl işləri sırasında Azərbaycanın tarixini, bu gününü, milli mənəvi dəyərlərini özündən əks etdirən müxtəlif rəsm əsərləri, dekorativ tətbiqi sənət və toxuculuq nümunələri yer alıb.
Satış-sərgi məhdud fiziki imkanlara malik istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və maddi rifah halının yaxşılaşmasına dəstək olmaq məqsədi daşıyıb.