CƏMİYYƏT
Gəncədə narkotik maddə satmaq istəyən keçmiş məhkum tutulub
Bakı, 1 mart, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkcənin cibindən polietilen seloffana bükülmüş 154,06 qram heroin aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı N. Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.