CƏMİYYƏT
Gəncədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan iki nəfər saxlanılıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və tabeliyindəki qərb regional şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, N.Vəlizadə İran İslam Respublikasının vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni E.Piridən xahiş edib. Sonuncu hələlik istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə verən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onların üzərinə keçirilən baxış zamanı N.Vəlizadənin əlindəki sellofan torbadan 1 kiloqram 700 qram heroin və 1 kiloqram 300 qram tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.