REGİONLAR
Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlər yeni mənzillərlə təmin olunublar
Gəncə, 20 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 2018-ci il noyabrın 20-də partlayış nəticəsində yararsız hala düşən binanın sakinləri yeni mənzillərlə təmin olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mənzillərin açarları ev sahiblərinə təqdim edilib.
Təqdimetmə mərasimində bildirilib ki, yeni yaşayış binası Prezident İlham Əliyevin tapşırığına əsasən inşa edilib. Dövlətimizin başçısının imzaladığı sərəncama əsasən tikilən beşmərtəbəli yaşayış binası iki blokdan ibarət olmaqla, ümumi sahəsi 4570 kvadratmetrdir. Sakinlərə təhvil verilən mənzillər tam təmirlidir. Əraziyə işıq, qaz və su xətləri çəkilib, mənzillərdə kombi sistemi qurulub.
Mənzillərinə qovuşan bina sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
“Hələ il yarım əvvəl eşidəndə ki, biz yeni mənzillərlə təmin olunacağıq, çox sevindik. Keçən bu müddət ərzində dövlətimiz bizi tək qoymadı. Kirayədə qalırdıq. Hər ay mənzil kirayəsini ödəmək üçün lazım olan vəsait hesabımıza köçürülürdü. Bu gün isə mənzillərimizin açarları bizə təqdim olundu. Bu, bizi çox sevindirir. Dövlətimizə minnətdarıq”, - deyə bina sakini Elvin Atakişiyev qeyd edib.
Daim dövlətin qayğısını öz üzərlərində hiss etdiklərini deyən binanın digər sakini Ceyhun Abbasov isə öz sevincini belə ifadə edib: “Məzillərimiz tam təmirlidir. Binanın yaxınlığında “xeyir-şər” evi inşa edilib, ətrafı abadlaşdırılıb. Burada çalışanlar çox əziyyət çəkiblər. Binanın inşasında əməyi keçən hər kəsə təşəkkür edirik. Dövlətimizin başçısı sağ olsun ki, bu məsələni diqqətdə saxladı və mənzillərimiz bizə təhvil verildi”.
Xatırladaq ki, 2018-ci ilin noyabrın 20-si səhər saatlarında Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub. Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb. Hadisə zamanı 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərov dağıntılar altında qalaraq ölüblər. 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə yaralanıb. Bina yararsız hala düşdüyündən sökülərək yerində yeni bir yaşayış binasının inşa edilməsi qərarı verilib.