CƏMİYYƏT
Gəncədə qazlı su və alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb
Bakı, 18 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində fiziki şəxs Mustafayev Mübariz Müşviq oğluna məxsus qazlı su və alkoqolsuz içkilərin istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu, həmçinin istehsal edilən alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı və etiket məlumatlarında məhsulun saxlama müddətinin heç bir əsas olmadan 180 gün qeyd edildiyi aşkarlanıb.
Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.