CƏMİYYƏT
Gəncədə sahibkarlarla görüş keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi sahibkarların maarifləndirilməsi məqsədilə Gəncədə tədbir keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində, Goranboy, Samux, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən bitki və bitkiçilik məhsullarının istehsalçıları, idxalçıları və ixracatçıları ilə görüşdə istixanalarda yetişdirilən məhsulların zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, zərərvericilərə qarşı vaxtında və düzgün mübarizə tədbirləri aparıldıqda bol və keyfiyyətli məhsul əldə etmək mümkündür. Eyni zamanda, zərərli orqanizmlərə qarşı istifadə olunan kimyəvi maddələrin ən son həddə istifadə olunması və bu zaman norma və qaydalara riayət olunması da tövsiyə edilib. Həmçinin aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin tətbiqi və istifadəsi zamanı təhlükəsizlik, şəxsi gigiyena qaydalarına əməl edilməsi diqqətə çatdırılıb.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.