REGİONLAR
Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa olunur
Gəncə, 11 may, AZƏRTAC
Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə kompleksi inşa edilir.
AZƏRTAC xəbər verir ki, abidə kompleksində I Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq.
Abidə kompleksinin müəllifi, Əməkdar rəssam Şərif Şərifov AZƏRTAC-a açıqlamasında kompleksin qəhrəmanlıq ruhunu ehtiva edəcəyini deyib: “Abidə kompleksində işğaldan azad edilən rayonların xəritəsi, Prezidentimizin dəmir yumruğu, 44 günlük müharibənin xroniki ardıcıllıqla günbəgün tarixi, həmçinin şəhidlərin adları və təltifləri ilə birlikdə fotoşəkilləri yer alacaq”.
Şərif Şərifov abidə kompleksi üçün seçilmiş yerin İstiqlal parkı olmasının xüsusi önəmi olduğunu vurğulayıb. “Şəhidlər abidəsinin İstiqlal parkında ucaldılması istiqlaliyyətimiz uğrunda canından keçən Vətən övladlarına olan dərin hörmətin bariz nümunəsidir. Burada, həmçinin Vətən müharibəsi dövründə şəhid olan mülki sakinlərin də adları və fotoşəkilləri yer alacaq. Kompleksə daxil olan “Şəhidlər bulağı” isə xalqımızın qədim dini adət-ənənələrindən olan suyun ehsan edilməsi adətini özündə əks etdirəcək”, - deyə o qeyd edib.
Abidə kompleksi şəhid ailələrinin təklif və müraciətləri nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə tikilir.
“Biz bilirik ki, hər zaman dövlətin dəstəyi bizim üzərimizdədir. Sağ olsunlar, təklifimizi dəstəklədilər. İndi abidənin inşasının yekunlaşmasını gözləyirik. Hər gün gəlib tikintiyə baxır, qürurlanırıq”, - deyə şəhid Ağamirzə Quliyevin atası İlham Quliyev bildirib.
Abidə kompleksinin yerləşdiyi ərazinin də şəhid ailələrinin təşəbbüsü və təklifi nəzərə alınaraq seçildiyini deyən şəhid Qəzənfər Məmmədovun atası Habil Məmmədov göstərilən diqqət və qayğıya görə təşəkkür edib: “Yer seçimi barədə təklifi də biz verdik. Təklifimizin diqqətə alınmasına, bu işdə əziyyəti keçən şəxslərə minnətdarıq. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da sonsuz təşəkkürümü bildirirəm ki, şəhidlərin xatirəsi əbədiləşdirilir, onların ailəsinə xüsusi dövlət qayğısı göstərilir. Bu kompleks mənim balamın və onun kimi neçə şəhidin adını əbədi yaşadacaq”.
Qeyd edək ki, abidə kompleksinin tikintisi üçün şəhid ailələrinin təklif və müraciətləri nəzərə alınaraq Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclasında tikinti ilə bağlı qərar verilib. Abidənin bir neçə aya təhvil verilməsi nəzərdə tutulur.